CƏMİYYƏT
FHN əməkdaşları üçün inşa edilmiş növbəti yaşayış binası istifadəyə verilib
Bakı, 22 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial proqramına uyğun olaraq, cari ilin martında açılışı olmuş Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından daha biri istifadəyə verilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.
Faiq Tağızadə tədbirdə çıxış edərək bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin FHN əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirib ki, dövlətimizin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcək.
FHN işçiləri həmkarlar ittifaqının sədri Mehman İsmayılov mənzil alan əməkdaşlara təbriklərini çatdırıb. O, göstərdiyi diqqət və qayğıya görə həmkarlar ittifaqı adından dövlətimizin başçısına təşəkkürünü bildirib.
Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti, baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib. Çıxış edənlər bu diqqətin əməkdaşların daha böyük ruh yüksəkliyi ilə xidmət göstərmələrinə səbəb olduğunu bildiriblər.
Binanın rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan bina FHN-in Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi ilə ən müasir standartlara uyğun olaraq inşa edilib.