CƏMİYYƏT
FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi növbəti taktiki-xüsusi təlim keçirib
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 21-22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (INSARAG) beynəlxalq humanitar əməliyyatlarda iştirakı zamanı fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimin məqsədi dəstənin şəxsi heyətinə BMT-nin Humanitar Əməliyyatları Əlaqələndirmə Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun təlimatlarına uyğun fəaliyyət sahəsində bilik və bacarıqlarının artırılmasını təşkil etməkdir. Bundan əlavə, dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində təcrübələrinin artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.
Əvvəlcə FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Tədbirdə təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunması və mövcud vəzifələrin layiqincə yerinə yetirilməsi üçün müvafiq təlimat və tapşırıqlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonra Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, KİV ilə qarşılıqlı əlaqənin təşkili üzrə tədbirlər yerinə yetirilib. Təlimdə xilasetmə texnika və avadanlıqlarının tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində saxlanılıb.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.