CƏMİYYƏT
FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi taktiki-xüsusi təlim keçirib
Bakı, 24 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin iştirakı ilə yanvarın 23-24-də taktiki-xüsusi təlim keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimin məqsədi dəstənin şəxsi heyətinin INSARAG (Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu) qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılmasını təşkil etməkdir. Bundan əlavə, dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.
Əvvəlcə FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin iştirakı ilə nazirliyin Mülki Müdafiə Qoşunlarında təlimə hazırlıq məqsədilə toplantı keçirilib. Tədbirdə FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev çıxış edərək nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin Türkiyə Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə yanvarın 12-dən 18-dək Ankarada keçirilmiş təlimdə iştirakı və əldə olunan təcrübə barədə məlumat verib. Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Eləcə də beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində saxlanılıb.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.