CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Bakı, 11 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi oktyabrın 11-də Lənkəran rayon Separadi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazirliyinin Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, təhsil müəssisəsinin müəllim və şagirdləri iştirak ediblər.
Maarifləndirmə tədbirində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması üsulları və 112 - qaynar xətti haqqında məlumat verilib.
Daha sonra təhsil müəssisəsinin təxliyə planının düzgün hazırlanmasının, ehtiyat çıxış qapılarının və zirzəminin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə yanğın və texniki təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarətin artırılmasının zəruriliyindən, məktəblərin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasına dair tələblərdən də bəhs olunub.