CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzi xilasetmə dəstəsi ilə birgə praktik məşğələ keçirib
Bakı, 5 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki məşğələ keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələ Liman dövlət yanğından mühafizə bölməsində təşkil olunub.
Məşğələ yanğından mühafizə hissəsinin xilasetmə dəstəsi ilə Mərkəzin xüsusi xilasetmə hissələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.
Tədbirdə Mərkəzin əməliyyat növbətçisinə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birinin ikinci mərtəbəsində təmir işləri aparılarkən şərti partlayışın baş verməsi haqqında məlumat daxil olub. “Partlayış” nəticəsində orada təmir işləri aparan işçilərin ikisinin köməksiz vəziyyətdə qaldığı bildirilib. “Qəza” nəticəsində binada köməksiz vəziyyətdə qalan zərərçəkmişlər xilasedicilər tərəfindən xüsusi xilasetmə alət və avadanlığı ilə çıxarılıb, onlarla psixoloji söhbətlər aparılıb və ilkin tibbi yardım göstərilərək ərazidən təxliyəsi həyata keçirilib.
Məşğələ uğurla başa çatdırılıb.