CƏMİYYƏT
FHN-in Şimal-Qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə üzrə hazırlanması” proqramı əsasında mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslar “Rabitə manqa komandirləri” kateqoriyası üzrə təşkil edilib.
Kurslara idarə, müəssisə və təşkilatlarda yaradılmış rabitə manqalarının komandirləri qatılıblar. Tədbirdə müəssisədə baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, belə hadisələr zamanı rabitə əlaqələrinin yaradılması, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib.
Tədbirin sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.
Kurslar “2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən təşkil edilib.