CƏMİYYƏT
FHN-in xilasediciləri qayalıqdan sürüşərək çaya düşən vətəndaşı təxliyə ediblər VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən bir vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.
Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.