DÜNYA
FIDE-nin qadınlar arasında Qran pri mərhələsinin startı təşkilatçılığın zəif olması səbəbindən təxirə salınıb
Bakı, 26 mart, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qadınlar arasında Nyu-Dehlidə keçirəcəyi Qran prinin üçüncü mərhələsinin startı təxirə düşüb. Buna səbəb təşkilatçılıq zəif olduğu üçün Qazaxıstan təmsilçisi Jansai Abdumalikin yarışda iştirakdan imtina etməsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Europe Echecs” jurnalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nyu-Dehliyə çatan idmançılar otelə rəsmi nəqliyyat vasitəsi ilə deyil, taksi ilə gəlməli olublar. Şahmatçılar oteldə otaqlarının hazır olmadığını öyrəniblər. Təşkilatçılığın aşağı səviyyədə olduğunu görən Jansai Abdumalik yarışdan imtina edib. Turnirin təşkilatçıları onu Hindistandan olan şahmatçı ilə əvəzləmək istəsələr də, digər iştirakçılar bununla razılaşmayıblar. Mərhələnin startı şənbə günündən bazar gününə keçirilib.
“Hindistan Qran prisində mən və həmkarlarım təşkilatçılar tərəfindən yaradılan şəraitdən məyus olduq. Bir qədər müzakirələrdən sonra prezidentə kollektiv məktub yazmaq qərarına gəldik və bu məktubda narazılığımızı bildirdik, yarışı təxirə salmağı və ya ləğv etməyi təklif etdik. Məktub Qran prinin demək olar ki, bütün iştirakçıları tərəfindən imzalanıb. Mən şəxsən FIDE prezidenti Arkadi Dvorkoviçə və icraçı direktor Emil Sutovskiyə belə şəraitdə oynamamaq qərarım barədə məlumat verdim. Əminəm ki, qadın şahmatçılar yaxşı şəraitdə oynamağa layiqdirlər. Ölkəmi təmsil etməkdən həmişə fəxr etmişəm”, - deyə o öz feysbuk səhifəsində yazıb.
FIDE prezidenti Arkadi Dvorkoviç yaranan narahatlığa görə iştirakçılardan üzr istəyib və gələcək yarışlarda bu kimi halların təkrarlanmaması üçün təşkilatçıların təcrübələrinin artırılacağını bildirib.
Qeyd edək ki, Hindistan Qran prisi martın 26-dan aprelin 6-dək davam edəcək.