İQTİSADİYYAT
“FİNCA Azərbaycan”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA Azərbaycan” QBKT MMM-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 30 min ədəd, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 2 ildir.
İyunun 28-də “FİNCA Azərbaycan” QBKT MMM-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.