FRANSA AZƏRBAYCAN İLƏ İQTİSADİ ƏLAQƏLƏRİN DAHA YÜKSƏK İNKİŞAFINDA MARAQLIDIR
AzerTAg.az
Xarici işlər nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puareni onun ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Fransa arasında münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını diqqətə çatdıraraq, Fransanın Minsk qrupu çərçivəsində və bölgədə baş verən proseslərdə daha fəal iştirak etməsinin zəruri olduğunu bildirmişdir.
Regionda sabitliyin, təhlükəsizliyin bərqərar olmasında regional münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini vurğulayan nazir Fransanın Azərbaycanın iqtisadi həyatında fəal fəaliyyətini də xüsusi qeyd etmişdir.
Səfir xanım Şantal Puare ölkəmizdə işlədiyi dövrdə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirərək, bundan sonra da iki dövlət arasında münasibətlərin genişlənəcəyinə əmin olduğunu vurğulamışdır. O, Bakıda fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan xalqının və dövlətçiliyinin inkişafının əyani şahidi olduğunu bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
Ölkəsinin Azərbaycanla neft sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu deyən səfir, Fransanın nüfuzlu neft şirkətlərindən biri olan “Totalfinaelf” şirkətinin respublikamızdakı fəaliyyətindən və həmçinin iqtisadi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyindən söhbət açaraq, cari ilin sentyabr-oktyabr aylarında Fransanın Valduaz regionundan iqtisadiyyatla bağlı işgüzar nümayəndə heyətinin Bakıya səfər edəcəyini söyləmişdir.
Sonra nazir Elmar Məmmədyarov səfir xanım Şantal Puareyə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var