İQTİSADİYYAT
Fantastika həddində: Bakıda 3D-Print konfransı keçirilir VİDEO
Bakı, 12 fevral, Kamilla Əliyeva. AZƏRTAC
Bakıda ilk dəfə 3D-Print konfransı açılıb. Üçölçülü çap texnologiyaları aləmində bu möhtəşəm hadisə Azərbaycan, Rusiya, Türkiyə və Tailandı təmsil edən ekspertləri, alimləri, araşdırıcıları və ümumiyyətlə, çap işinin gələcək inkişafı ilə maraqlanan bütün insanları bir məkana toplayıb.
AZƏRTAC xəbər verir ki, 3D-texnologiyaların istehsalata, təbabətə, biznesə tətbiqi prosesi, bu texnologiyalardan zərgərlik, moda, yeyinti sənayesi, arxitektura və digər sahələrdə istifadə olunması perspektivləri müzakirə edilir.
“Smayl-Ekspo” şirkətinin əlaqələndiricisi Alla Vavilova AZƏRTAC-a müsahibəsində deyib: “Bu konfransın unikallığı ondan ibarətdir ki, burada 3D çap texnologiyasının bütün “sirləri” açıqlanır. Bu gün həmin texnologiyanın köməyi ilə balaca sırğadan başlamış, böyük ölçülü, çox vacib və məişətdə gərəkli alətlərə qədər ən müxtəlif məmulatları “çap etmək” mümkündür. Məsələn, əgər sizin bir retromobiliniz varsa və onun üçün unikal bir detal lazımdırsa, həmin detalı 3D-printerin köməyi ilə modelləşdirmək olar. Azərbaycan kimi inkişaf etməkdə olan ölkədə yeni texnologiyalar daha böyük marağa səbəb olur. Sevindirici haldır ki, bu gün ölkədə 3D-çap işi ilə məşğul olan şirkətlər çoxdur.
Forumun proqramında 3D-modelləşdirmə mövzusunda eksklüziv məruzələrlə yanaşı, 3D-avadanlıqların işinin nümayiş etdirilməsi də nəzərdə tutulub. Məsələn, Rusiyanın “PICASO 3D” şirkəti Bakıdakı “alov qüllələri”nin (“Flame Towers Baku”) arxitektor Maksim Vorotnikovun modeli əsasında yaradılmış unikal 3D-surətini çap edib. Mütəxəssislər məsrəf materialı kimi plastikdən istifadə edirlər.
Şirkətin nümayəndəsi qeyd edib ki, “PICASO 3D” fərdi 3D-printer hesab edilir. Qurğunun işıqlandırma funksiyası sayəsində hətta işıqlandırma lazımi səviyyədə olmayanda da çap olunan modelin vəziyyətini müşahidə etmək mümkündür.
Rəsmlərin “canlanmasını” arzu edənlər üçün təqdim olunan üçölçülü “3Doodler” qələminin köməyi ilə hər kəs öz adını yazmaq və ya kiçik həcmli qaralama etmək imkanına malikdir. Hər şey insanın təxəyyülündən asılıdır. “3Doodler” şirkətinin nümayəndəsi qeyd edib ki, həmin qələmlə işləmək üçün hər hansı proqram təminatı və ya əlavə avadanlıq tələb olunmur. Bunun üçün yalnız cərəyan mənbəyi olması kifayətdir.
“3Doodler” şirkətinin Bakıdakı nümayəndəsi Ənvər Qasımzadə deyir: “Bu qələmin köməyi ilə havada rəsm çəkməyi öyrənmək üçün adamların əksəriyyətinə cəmi bir neçə saat vaxt kifayətdir. Peşəkar rəssamlar və dizaynerlər isə özləri üçün tamamilə yeni və orijinal yaradıcılıq üsulu kəşf edə bilər.
“NAZ Group” şirkətinin təqdim etdiyi zərgər printeri isə zərif cinsin nümayəndələrinin diqqətini daha çox cəlb edir. Məhz bu printerin köməyi ilə bəzək əşyalarının yaradılmasının bütün mərhələlərini – maket qurulmasından bilavasitə çapa qədər bütün addımları görmək olar.
Konfransın aparıcı iştirakçılarından biri ətraf mühitin 3D formatında müxtəlif miqyaslı modellərinin yaradılması üzrə ixtisaslaşan “3D-Project” şirkətidir. Bu şirkət 3D texnologiyaların imkanlarını Azərbaycanda birincilər sırasında “kəşf edən”lərdən biridir.
Yeri gəlmişkən, arzu edən hər kəs burada özünün 3D-surətini yarada bilər.