İQTİSADİYYAT
Faydalı qazıntı yataqlarının çıxarıldığı torpaq sahələrinə görə vergi necə tənzimlənir?
Bakı, 23 aprel, AZƏRTAC
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu güzəşt eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar olunaraq faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.
Eyni zamanda, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergiödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.