REGİONLAR
Fəqət ölən deyil onun sənəti...
Sumqayıt, 12 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər Mərkəzi Uşaq Kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara C.Cabbarlının həyatı və zəngin yaradıcılığı haqqında məlumat verib, böyük ədib və dramaturqun ədəbiyyatımıza, mədəniyyətimizə töhfələrindən danışıb. O, həmçinin “Mən bir solmaz duyğuyam ki...” başlıqlı sərgi haqqında da bəhs edib.
Sonra Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən sənədli film və “Almaz” pyesi əsasında hazırlanmış kompozisiya nümayiş olunub. Oxucular ədibin qələmə aldığı şeirləri musiqi sədaları altında ifa ediblər.