CƏMİYYƏT
Fərid Şəfiyev: Ermənistan ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərinə görə cavab verməlidir
Bakı, 11 oktyabr, AZƏRTAC
Ərazilərimizin işğalı dövründə Ermənistan tərəfindən xalqımıza qarşı saysız-hesabsız və insanlığa zidd cinayətlər törədilib. İki il bundan əvvəl Gəncənin raket atəşinə tutulmasında məqsəd Azərbaycan xalqını qorxutmaq idi. Amma xalqımız qorxmaz və iradəli olduğunu 44 günlük Vətən müharibəsində sübut etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.
BMTM-nin İdarə Heyətinin sədri xatırladıb ki, iki il bundan əvvəl, məhz oktyabrın 11-də gecə saatlarında düşmənin silahlı qüvvələri Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törədib. Ermənistan hərbçiləri istifadəsi qadağan olunmuş “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında raket atəşinə tutdu.
Fərid Şəfiyev, həmçinin bildirib: “İşğaldan azad edilmiş ərazilərimizdə mülki şəxslər və hərbçilərimiz min bir əziyyət və işgəncə ilə öldürülərək kütləvi qəbiristanlıqlarda basdırılıb. Bütün bunlar insanlığa, bəşəriyyətə və beynəlxalq hüquqa zidd hərəkətlərdir. Ermənistan ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərinə görə cavab verməlidir. Beynəlxalq təşkilatlar bununla bağlı münasibətlərini bildirməlidir”.