REGİONLAR
Fermer: Kənd təsərrüfatında 2,8 faizlik artım aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
Ağsu, 11 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar ölkəmizdə iqtisadi yüksəlişə səbəb olub. Kənd təsərrüfatında doqquz ayda 2,8 faizlik artım biz fermerləri də sevindirir. Bu, hər şeydən əvvəl aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağsunun Ərəbmehdibəy kənd sakini, fermer Hacağa Hüseynov bildirib.
O, Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn, eləcə də fermerlərin üzərinə düşən vəzifələrdən danışarkən deyib: “Dövlətimizin başçısı aqrar sektorda qazanılan nailiyyətləri və qarşıya qoyulan vəzifələri bir daha açıqladı. Bu istiqamətdə görülən işlər nəticəsində aqrar sektorda dinamik inkişaf təmin olunub. Əldə olunan uğurlar, əlbəttə, biz fermerlərin də üzərinə böyük vəzifələr qoyur. Mən əsasən pambıqçılıqla məşğul oluram. Son illər bu sahəyə xüsusi qayğı ilə yanaşılır. Pambıqçılığa göstərilən dövlət dəstəyi bizə fəaliyyətimizi ildən-ilə genişləndirməyə imkan verir”.
Hacağa Hüseynov bu il 300 hektarda pambıq yetişdirib. Hazırda məhsul yığımının qızğın çağıdır. Məhsulun hamısı pambıqyığan maşınlarla yığılacaq. Hazırda tarlalarda iki pambıqyığan maşın işləyir. Artıq 100 hektarın pambığı yığılıb.
Fermer dövlətin onlara yaratdığı əlverişli şəraitdən bəhrələnərək gələn il əkin sahələrini azı 50 hektar artırmağı düşünür.