İDMAN
Festivalın voleybol yarışlarında Belçikanın kişilərdən ibarət komandası Rusiyanı məğlub edərək finala adlayıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsində üçüncü yarımfinal oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında üç qələbə qazanaraq A qrupunun lideri olan Rusiya və B qrupun ikincisi Belçika milliləri finala yüksəlmək üçün mübarizə aparıblar. Gərgin keçən oyunda iki set geridə olan Belçika yığması növbəti üç setdə qələbə qazanaraq hesabı öz xeyrinə dəyişməyi bacarıb - 3:2 (23:25, 28:30, 25:17, 25:20, 15:13). Festivalın finalında belçikalı oyunçular yarışların əsas mükafatı uğrunda matçda İtaliya-Belarus qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Rusiya yığması isə üçüncü yer uğrunda oynayacaq.
Azərbaycan Voleybol Mərkəzində keçirilən oğlanların mübarizəsində isə digər görüş 5-8-ci yerlər üçün Almaniya və Çexiya komandaları arasında keçirilib. Oyun Çexiyanın qələbəsi ilə yekunlaşıb - 3:2 (31:33, 26:24, 22:25, 25:19, 15:10). Beləliklə, Çexiya millisi 5-6-cı, Almaniya seçməsi isə 7-8-ci yerlər üçün mübarizə aparacaq.