REGİONLAR
Fevral ayında muxtar respublikada 467 abunəçi internetlə təmin olunub
Naxçıvan, 14 mart, AZƏRTAC
Fevral ayında muxtar respublika ərazisində, ümumilikdə, 6270 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 467 yeni abunəçi internetlə təmin olunub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi, internet və teleradio xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi ilə əlaqədar tədbirlər uğurla davam etdirilir.
Fevral ayında Şərur rayonunun Kərimbəyli Kənd Mərkəzinin açılışı olub, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Burada quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir. Şərur rayonunun Kərimbəyli poçt bölməsi yeni binaya köçürülüb, kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub. Nömrə tutumlarının artırılması nəticəsində ötən ay 169 yeni telefon nömrəsi istismara verilib.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4-cü mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanıb, bu ilin fevral ayında avadanlıqlar muxtar respublikaya gətirilib. Hazırda avadanlıqların montaj quraşdırma işləri davam etdirilir. 2019-cu ilin üçüncü rübünədək layihənin başa çatdırılması nəzərdə tutulur.