SİYASƏT
Filip Ştalder: İsveçrənin regiondakı səfirləri gələn həftə Bakıda toplaşacaq
Bakı, 1 mart, AZƏRTAC
İsveçrə ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün yaxşı potensial var. Ölkələr siyasi, iqtisadi, mədəni əlaqələri inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder mətbuat konfransında deyib. Diplomat qeyd edib ki, gələn həftə Bakıda iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.
F.Ştalderin sözlərinə görə, həmçinin İsveçrənin regiondakı səfirləri də Bakıda toplaşacaq. Rusiya, Türkiyə, Ukrayna, Belarus və Ermənistanda olan İsveçrə səfirləri Azərbaycan paytaxtına gələcək. Bu da Azərbaycanın turizm baxımından potensialının nümayiş etdirilməsi üçün çox yaxşı imkandır.
Səfir əlavə edib ki, 2019-cu ildə İsveçrənin Azərbaycanla texniki əməkdaşlığının 20 ili tamam olur. Bu illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanla İsveçrə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq mövcuddur. Enerji təhlükəsizliyinin təmin olunması baxımından Cənub Qaz Dəhlizi böyük əhəmiyyət kəsb edir və İsveçrə şirkəti də layihədə paya malikdir.
Diplomat onu da bildirib ki, İsveçrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırdır. “Azərbaycan və Ermənistan prezidentləri arasında üç görüş məhz İsveçrədə baş tutub”,- deyə F.Ştalder vurğulayıb.
İsveçrənin Azərbaycandakı səfirliyinin Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Simon Haeberli qeyd edib ki, yaxın günlərdə Bakıda İsveçrənin qadın resurs mərkəzi açılacaq. Azərbaycanda gerçəkləşdirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri çərçivəsində açılacaq qadın resurs mərkəzində qadınlara biznes fəaliyyəti imkanları barədə məlumatlar almaqda kömək göstəriləcək. İsveçrə Azərbaycanla uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xanım Simon Haeberlinin sözlərinə görə, ölkəsi iqtisadi sahəyə, o cümlədən makroiqtisadiyyata və özəl sektorun inkişafına dəstək göstərilməsinə daha çox diqqət ayırmaq niyyətindədir.
Diplomat, həmçinin qeyd edib ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirmək vacibdir.