DÜNYA
Filippində baş verən güclü zəlzələdən sonra afterşoklar davam edir, həlak olanlar var
Tokio, 27 iyul, AZƏRTAC
İyulun 27-də Filippinin Luson adasında baş verən güclü zəlzələdən sonra afterşoklar davam edir, həlak olanlar var.
AZƏRTAC Filippin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadla xəbər verir ki, ərazidə 1,9 baldan 5,4 baladək silsilə zəlzələlər baş verib. Ən güclü afterşokun episentrinin Bukay bələdiyyəsindən 10 kilometr cənub-qərbdə yerləşdiyi qeyd edilir. Bildirilir ki, səhər saat 8:43 dəqiqədə baş verən ilk zəlzələdən sonra təqribən 60 afterşok qeydə alınıb. Buna baxmayaraq, mütəxəssislər ərazidə növbəti yeraltı təkanların təkrar olunmayacağını bildirirlər.
Xəbər verdiyimiz kimi, iyulun 27-də Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən məlumata görə, təbii fəlakətin episentri Tayum bələdiyyəsindən 3 kilometr şimal-şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib.
Filippin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda zəlzələ nəticəsində altı nəfərin həyatını itirdiyi, 60 nəfərin isə müxtəlif xəsarətlər aldığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio