İQTİSADİYYAT
“Fınca Azerbaijan”ın Sumqayıt filialı 10 milyon kredit portfeli hədəfinə çatmışdır
Bakı, 3 aprel (AZƏRTAC). “Fınca Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Sumqayıt filialı 10 milyon kredit portfeli hədəfinə çatmasına və 13 illik fəaliyyətinin uğurlarına həsr olunmuş tədbir keçirmişdir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təşkilatın direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, yerli dövlət qurumlarının, müxtəlif bankların nümayəndələri, həmçinin filialın daimi müştəriləri iştirak etmişlər.
Portfel sayına görə “Fınca Azerbaijan”da lider olan Sumqayıt filialı ən uzun müddət əməkdaşlıq etdiyi iki müştərisini dəyərli hədiyyələrlə mükafatlandırmışdır. Tədbirdə həmçinin bankın bütün 65 filialında icra olunacaq “hər filialda 1/150.000-ci müştəri” adlı layihə çərçivəsində seçilmiş müştəri də öz xüsusi hədiyyəsini almışdır.
Sumqayıt filialı hazırda 45 nəfərdən ibarət işçi heyətinə malikdir və əsasən kənd təsərrüfatı, kiçik və orta bizneslə məşğul olan sahibkarlara, ümumilikdə 5500 nəfərə yaxın aktiv müştəriyə maliyyə xidmətləri göstərir.