ELM VƏ TƏHSİL
Fizika İnstitutunun əməkdaşları il ərzində 3 patent əldə ediblər
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda elmi şuranın iclası keçirilib. İclas institutun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hesabat ilində Fizika İnstitutunda, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarından irəli gələn vəzifələr yerinə yetirilib. C.Abdinov 2018-ci ildə elmi-tədqiqat işlərinin 3 istiqamətdə aparıldığını qeyd edib. Bildirib ki, bu istiqamətlərə daxil olan 4 mövzu, 39 iş, 55 mərhələ üzrə elmi-tədqiqat işləri aparılıb. C.Abdinov ötən il keçirilmiş AMEA-nın ümumi yığıncağında Fizika İnstitutunun qarşısına qoyulan tapşırıqların yerinə yetirildiyini vurğulayıb. O, institutun sektor və laboratoriyalarında alınan mühüm nəticələr haqqında məlumat verib. Bildirib ki, il ərzində elmi müəssisənin əməkdaşları 3 patent əldə edib.
Hesabat ilində fundamental elmlə təhsilin inteqrasiyası istiqamətində də işlər davam etdirilib. İnstitutun 30-a qədər alimi ali təhsil müəssisələrində ixtisas fənlərindən mühazirələr aparıb, magistrlərin dissertasiya işlərinə rəhbərlik ediblər. Həmin universitetlərin 20-dək müəllim və professoru Fizika İnstitutunda elmi-tədqiqat işlərinə cəlb olunub.
Akademik institutda 4 ixtisas üzrə Dissertasiya Şurasının fəaliyyət göstərdiyini qeyd edib. Vurğulayıb ki, cari ildə Şurada 10 nəfər (3 nəfər elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru) müdafiə edib.
Bildirilib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 634 elmi iş, 399 məqalə çap olunub. Xarici jurnallarda 207, respublikada 192, yüksək impakt faktorlu jurnallarda 196 məqalə nəşr olunub. İlin ilk 10 ayında institutun əməkdaşlarının məqalələrinə 7053 istinad olunub. İnstitutun alimləri tərəfindən 1 monoqrafiya, 3 kitab, dərs vəsaiti və elmi populyar kitablar nəşr olunub.