CƏMİYYƏT
Fiziki məhdudiyyətli 125 nəfərə onların yaşadıqları rayonlarda reabilitasiya vasitələri təqdim edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri onların yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı onların tibbi-sosial reabilitasiyası sahəsində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb.
Həmin tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanı olmayanlara onların yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da həmin tədbirlərdən biridir.
Tədbir çərçivəsində 125 nəfərdən üçünə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı dəyənəklər, əsalar, dizliklər və s. verilib.
Reabilitasiya vasitələri ilə təmin olunanlar, onların ailə üzvləri sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğıya, müvafiq hallarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları rayonlarda, o cümlədən evlərində reabilitasiya vasitələri ilə təmin edilmələrinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu ilin doqquz ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara, ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.