ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Bakı, 2 iyul, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “EuropeSpa” III beynəlxalq onlayn konfransda iştirak edib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, “COVID-19 çərçivəsində sanatoriyaların yenidən açılması və kommunikasiya strategiyaları” mövzusuna həsr edilən konfrans “Zoom” platforması üzərindən təşkil olunub.
Yunanıstan, Lüksemburq, İtaliya və digər ölkələrdən nümayəndələrin onlayn qoşulduqları konfransda “Bad-Vörishofen Spa” Mərkəzinin sabiq direktoru Aleksandr fon Hoheneg bu ilin iyun ayında ziyarət etdiyi 12 müxtəlif alman kurortunun yenidən açılması strategiyaları üzrə təcrübəsini dinləyicilərlə bölüşüb. Bildirib ki, açılacaq sanatoriyalarda müalicə prinsiplərində dəyişikliklər edilməsi, yeni qaydaların tətbiqi, yaş məhdudiyyəti və sosial məsafənin gözlənilməsi kimi təkliflər irəli sürülüb.
Konfransda Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynov və Ekotoksikologiya laboratoriyasının kiçik elmi işçisi Fərhad Rüstəmov da iştirak ediblər.