ELM VƏ TƏHSİL
Folklorşünas alimlərin məqaləsi “Scopus” elmi bazasında indeksləşən jurnalda dərc edilib

Bakı, 5 may, AZƏRTAC
Folklor İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Səfa Qarayev və Hikmət Quliyevin “Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarından istifadə və onun psixoloji aspektləri” adlı növbəti məqaləsi “Scopus” elmi bazasında indeksləşən “Turkish Journal of Computer and Mathematics Education” nəşrində dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müasir folklorşünaslığın yeni və aktual istiqamətlərindən biri olan tətbiqi folklorşünaslıq (folklor vasitəsilə öyrənmə) aspektindən qələmə alınmış məqalədə nəzəri-metodoloji olaraq kulturoloji, texnokulturoloji, psixoanalitik və sosial psixoloji yanaşmalardan istifadə edilib. Məqalədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayılması, ifrat informasiya bolluğu şəraitində effektiv təlim texnologiyalarının müəyyənləşdirilməsində folklordan istifadənin perspektivləri təhlil edilib. Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarından istifadə və onun psixoloji aspektlərinin müəyyənləşdirilməsi üçün ənənəvi mədəniyyətdə biliyin və təcrübənin ötürülməsi mexanizmləri ilə müasir təhsildə tədris texnologiyaları müqayisə olunub, xalq pedaqogikasının potensial imkanlarının ömürboyu təhsilə tətbiq perspektivləri nəzərdən keçirilib.
Məqalədə diqqətə çatdırılır ki, folklor şəxsiyyətin sosial-psixoloji mahiyyətinin formalaşmasında əlahiddə rola malik olduğu üçün fərdlərin xarakterinin, dünyagörüşünün, dəyərlər sisteminin, arzu və istəklərinin yaranmasında onların mənsub olduqları lokal sosial qruplar şərtləndirici parametr statusuna malikdir. Bu baxımdan fərdin psixoloji kompleks və gərginlik yaşamadan cəmiyyətin bütün sferaları ilə sərbəst ünsiyyətə daxil olması və müxtəlif sosial qruplara çevik, məqsədyönlü adaptasiyası (inteqrasiya) həmin lokal sosial qrupların dərindən öyrənilməsi zərurətini meydana çıxarır. Müasir təhsilin hədəflərindən biri yetişən yeni nəsilləri qeyri-humanist, lokal stereotiplərdən azad olmağa, bəşəri dəyərlərlə həmahəng olan stereotiplərin mənimsənilməsinə yönəltməkdir. Bu kontekstdə məqalədə diqqətə çatdırılır ki, əgər müasir təlim texnologiyalarında virtual folklor nümunələrindən səmərəli istifadə edilərsə, bu, qloballaşma şəraitində geniş yayılmış mədəni şok və akkulturasiya stresi yaşamadan insanların lokal psixoloji stereotiplərdən uzaqlaşmasına böyük yardım etmiş olar.