CƏMİYYƏT
“Formula-1 Azərbaycan Qran-Prisi”ndə tibbi xidmət yüksək səviyyədə olacaq
Bakı, 16 iyun, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 23-dən 25-dək keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi” yarışının iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin etmək məqsədilə əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçirildiyi yerlərdə təcili tibbi yardım xidmətində növbətçiliyini təmin edilməsi, yarışın keçirildiyi müddətdə tibbi yardıma ehtiyacı olan idmançıların və qonaqların hospitalizasiyasının Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, müraciət edildiyi təqdirdə tibb müəssisəsi və idarələrinin rəhbərlərinə tədbir iştirakçıları və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya–gigiyena qaydalarına əməl olunmasının ciddi nəzarətə götürülməsi tapşırılır.