CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Zaqatalada seminar-müşavirə keçirib
Bakı, 20 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal-qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Zaqatala rayonunda təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin təşkili, qarşıya çıxan problemlərin həlli” mövzusunda seminar -müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda, bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Seminar-müşavirədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov çıxış edərək rayon ərazisində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.
Sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və Şimal-qərb Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Saqiq Bəkirli təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin aparılmasının vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.