“Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik
AzerTAg.az

Bakı, 1 fevral, AZƏRTAC
Milli Məclisdə “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Parlamentin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə təklif edilən dəyişikliklərə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir. Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.
Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya yaradılır.
Xəbərin mətnində orfoqrafik səhv var