RƏSMİ SƏNƏDLƏR


Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

2022-ci il önəmli bir ildir, Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Ötən illər ərzində biz möhkəm ikitərəfli əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq qurmağa nail olmuşuq. Ölkələrimizi birləşdirən əlaqələri daha da dərinləşdirməyi arzu edirəm.

Bu fürsətdən istifadə edərək, Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir.

Hücuma məruz qalan Ukraynaya və onun əziyyət çəkən xalqına Azərbaycanın humanitar sahədə göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm. Müharibənin qitəmizdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıtdığı bir vaxtda arzu edirəm ki, bu gün xüsusi əhəmiyyət daşıyan siyasi dialoqumuzu daha da gücləndirək.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

 

Emmanuel Makron

Fransa Respublikasının Prezidenti

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin