MƏDƏNİYYƏT
Fransada yaşayan tanınmış pianoçu Ədilə Əliyeva Bakıda ustad dərsləri keçib
Bakı, 20 aprel, AZƏRTAC
Əməkdar Artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış pianoçu, professor Ədilə Əliyeva Bakıda ustad dərsləri keçib.
AZƏRTAC xəbər verir ki, ustad dərslərinin keçirilməsində məqsəd uşaq musiqi məktəblərində təhsilin keyfiyyətini yüksəltmək və müəllimlərin peşəkarlığını artırmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gələn Ədilə Əliyeva Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində ustad dərsləri təşkil edib.
Qeyd edək ki, Ədilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. İyirmi beş ilə yaxındır ki, Fransada yaşayan Ə.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Ədilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı ekspertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi tədbirlərindən biridir. Bu il mayın 17-də Ədilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalın final konsertində bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.