SİYASƏT
Fransanın “Figaro” qəzeti azərbaycanlı məktəbli Reyhan Camalovanın ixtirasından yazıb
Paris, 16 iyun, AZƏRTAC
Fransanın tanınmış “Figaro” qəzetində “Azərbaycanda yağış enerjiyə çevrilib” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 15 yaşlı məktəbli Reyhan Camalovanın “Hər evi işıqlandıraq” devizi ilə hazırladığı “Rainergy” layihəsindən bəhs edilib. Reyhan Camalovanın, onun rəfiqəsi Zəhra Qasımzadənin yağış suyunu enerjiyə çevirən qurğunun layihəsini fizika müəllimlərinin köməyi ilə dörd ay müddətində hazırladıqları diqqətə çatdırılıb. Qeyd edilib ki, artıq iki prototip sınaqdan keçirilib. Azərbaycan dövləti yeni aparatın istehsalının ilkin xərclərini öz üzərinə götürüb.
Yazıda vurğulanıb ki, “Rainergy” layihəsi ilk dəfə 2017-ci ilin noyabrında Hindistanda gənc sahibkarlar sammitində təqdim olunub. Həmin vaxtdan layihə sərmayəçilərin diqqətini cəlb edib. “Forbes”un 2018-ci il üçün açıqladığı reytinq siyahısında Reyhan Camalova Asiya qitəsi üzrə yaşı 30-dan az olan yaradıcı şəxslər arasında 30-cudur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris