İDMAN


Fransanın titullu cüdoçusu: Bakıda yenidən dünya çempionu olmağa çalışacağam

Bakı, 12 sentyabr, AZƏRTAC

Dünya çempionatına hazırlıq uzun müddətdir başlayıb. Yarış ilk dəfə olaraq sentyabrın sonlarına təsadüf edəcək. Ona görə də çox həyəcanlıyam.

AZƏRTAC xəbər verir ki, bunu Fransanın qadın cüdoçulardan ibarət milli komandasının üzvü Klariss Aqbenyenu Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

Altmış üç kiloqram çəki dərəcəsində çıxış edən titullu idmançı bildirib ki, yarışda əsas rəqibləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında uduzduğu sloveniyalı Tina Trstenyak və yaponiyalı Miku Tasiro olacaq: “Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma Trstenyak və Tasiro ən güclüləridir. Yenidən dünya çempionu olmağa çalışacağam”.

Toqo əsilli Aqbenyenu Azərbaycan cüdoçuları haqda da fikirlərini bölüşüb: “Azərbaycanın kişi cüdoçulardan ibarət komandası həqiqətən çox güclüdür. Onların medal qazancaqlarını düşünürəm. Hamısına uğurlar arzulayıram”.

İyirmi altı yaşlı Aqbenyenu 2014-cü və 2017-ci il dünya çempionatlarının qalibidir. Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qızıl medalını qazanan xanım idmançı əvvəllər də 2 dəfə qitənin ən güclüsü olub. O, “Bakı-2015” ilk Avropa Oyunlarında fərdi mübarizədə bürünc, qarışıq komanda yarışında qızıl medal qazanıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.