SİYASƏT
Fransız səyyahları: “Azərbaycan inkişaf etmiş qüdrətli və maraqlı ölkədir”
Paris, 25 noyabr (AZƏRTAC). Azərbaycan inkişaf etmiş qüdrətli və maraqlı ölkədir. Bu sözləri Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə Azərbaycanla bağlı ayda bir dəfə fransız dilində efirə gedən radio proqramının növbəti verilişində ölkəmizdə olmuş fransız ər-arvad - Karolin və Benjəmin öz müsahibələrində səsləndirmişlər.
Verilişdə əvvəlcə noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə fransız dinləyicisinə ətraflı məlumat verilmişdir.
Verilişin aparıcıları Mustafa Alınca və Elvin Abbasbəyli noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşü, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıya səfər etmiş Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə keçirdiyi görüşləri geniş şərh etmişlər.
Velosipedlə səyahətə çıxaraq 15 ölkənin ərazisindən keçməklə 12 min kilometrdən artıq yol qət etmiş və bir aya yaxın Azərbaycanda qalmış fransız Benjəmin və onun həyat yoldaşı Karolinin ölkəmizlə bağlı müsahibələrinə verilişdə geniş yer verilmişdir. Fransız səyyahları azərbaycanlılar kimi qonaqpərvər və səmimi insanlara olduqları ölkələrin heç birində rast gəlmədiklərini xüsusi vurğulamış, Azərbaycanda qaldıqları müddətdə yerli əhalinin xoş münasibətindən bəhs etmiş, ölkəmizin bu qədər maraqlı və qüdrətli olmasını təsəvvür etmədiklərini diqqətə çəkmiş, tarixi abidələrinə, zəngin mədəniyyətinə və mətbəxinə, musiqisinə valeh olduqlarını etiraf etmişlər. Bakının heç də Avropa ölkələrinin paytaxtlarından geri qalmadığına toxunmuş fransız səyyahlar İçərişəhər, Qız qalası, Atəşgah və digər abidələrə valeh olduqlarını bildirmişlər. Onların fikrincə, Azərbaycan iqtisadi cəhətdən inkişa etmiş ölkə olmaqla yanaşı, həm də hərtərəfli maraqlı məmləkətdir. Onun ecazkar və gözəl təbiəti insanlarının təbiətindən xəbər verir.
Verilişdə noyabrın 26-29-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya azərbaycanlı gənclərinin l forumu və Dünya azərbaycanlılarının dekabrın 12-də Londonda baş tutacaq qurultayı barədə dinləyicilərə məlumat verilmişdir.
Veriliş Azərbaycan musiqilərindən parçalarla müşayiət olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris