Fumio Kişida: G7 ölkələrinin liderləri Şimali Koreyanın nüvə və raket problemini birlikdə həll edəcəklər
AzerTAg.az

Tokio, 25 mart, AZƏRTAC
G7 ölkələrinin liderləri Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı problemi birlikdə həll etmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida martın 24-də Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raket sınağı barədə sualı şərh edərkən bildirib.
Xatırladaq ki, Yaponiyanın Baş naziri G7 ölkələri liderlərinin martın 24-də Brüsseldə keçirilən sammitində iştirak edib. Bu ərəfədə o, Şimali Koreyanın növbəti raket sınağını pisləyərək, bunu bağışlanmaz və dəhşətli hadisə adlandırıb.
Yaponiyanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, Şimali Koreya tərəfindən gözlənilən təhlükə bu ölkənin raket texnologiyalarının inkişafı baxımından hazırda çox böyük təhdidə çevrilib.
Onlar, həmçinin Şimali Koreya tərəfindən artan təhlükənin qarşısını almaq üçün Yaponiyanın ABŞ, Cənubi Koreya və digər maraqlı ölkələrlə lazımi tədbirlərin görülməsini, o cümlədən Pxenyana qarşı əlavə sanksiyaların qəbulunu müzakirə edəcəklərini də bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var