İDMAN
“Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni futbol meydançası istifadəyə verilmişdir
Bakı, 1 may (AZƏRTAC). Ölkəmizdə futbolun inkişafı, kütləviliyin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Bakcell” şirkəti ilə “Bakcell Arena” əməkdaşlığı çərçivəsində birgə yeni “Futbol Bakcell ilə” layihəsinə start verilmişdir. Layihə AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, mayın 1-də Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsində “Futbol Bakcell ilə” layihəsinin yeni futbol meydançası istifadəyə verilmişdir.
Meydançanın açılış mərasimində iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev açılışı bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra meydança ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, layihəyə uyğun olaraq meydançada iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız olaraq məşq keçmək imkanı əldə edəcəklər. Tanınmış məşqçi Bəhmən Həsənovun rəhbərliyi ilə keçiriləcək məşqlərin bütün məşq ləvazimatları AFFA tərəfindən təmin olunacaqdır.
Sonra “Mançester Yunayted” klubunun əfsanəvi veteran oyunçusu Dvayt Yorkun topa ilk toxunuşu ilə meydançada uşaqların məşqi başlamışdır.
Mərasimdə Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak etmişlər.