REGİONLAR
Füzuli rayonunda 54 min 115 nəfər sakin kütləvi tibbi müayinədən keçib
Füzuli, 15 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da başa çatıb. Fevralın 12-də başlanan və üç ay davam edən aksiya çərçivəsində rayonun işğaldan azad olunmuş ərazilərində yaşayan 54 min 115 nəfər sakin müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Horadiz şəhər, Əhmədbəyli kənd, Qayıdış qəsəbə xəstəxanalarında və Füzuli Tibb Mərkəzində aparılıb. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları rayonun kəndlərində də əhalinin tibbi müayinəsini həyata keçiriblər. Tibbi aksiya zamanı müayinə olunan vətəndaşlardan 8756 nəfəri ambulator, 121 nəfəri stasionar müalicəyə cəlb edilib, 53 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 61 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanıb.