SİYASƏT
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə vəsait ayrılıb
AZƏRTAC xəbər verir ki, Sərəncamda Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparıldığı diqqətə çatdırılır. Bildirilir ki, 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınıb, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilib və bir sıra mühüm infrastruktur layihələri icra edilib.
Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilib, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulub, Tikiş Fabriki inşa edilərək istifadəyə verilib.
Sərəncama əsasən, Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.