REGİONLAR
Füzulidə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür
Füzuli, 10 yanvar, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Odur ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Füzuli Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun əkin sahələri 1368,8 kilometr arx və kanal, 53 nasos stansiyası vasitəsilə suvarılır. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 342 kilometr uzunluğunda suvarma kanalı və arxlar lildən təmizlənib, 13 ədəd elektriklə işləyən nasos stansiyasında, qapalı suvarma boru şəbəkəsinin 16 kilometr hissəsində, həmçinin aqreqat və digər avadanlıqlarda cari təmir işləri aparılıb. İki aqreqatlı Örənqala-1 nasos stansiyası əsaslı təmir edilərək məhsuldarlığı artırılıb. Torpaq məcralı Arayatılı-2 arxının 0,5 kilometr hissəsi yeni beton novla əvəz olunub. Suvarma arx və kanallarının üzərində 41 ədəd hidrotexniki qurğu təmir edilərək saz vəziyyətə gətirilib.
2019-cu ildə 27 min 200 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkilərinin suvarılması uğurla həyata keçirilib. 2020-ci ilin məhsulu üçün 11 min 200 hektarda əkilmiş taxıl sahələrinin suvarılması yekunlaşmaq üzrədir. Hazırda yazlıq əkinlərin suvarılması üçün hazırlıq işləri görülür.