REGİONLAR
Füzulidə könüllülük fəaliyyətini başa çatdıran gənclərə sertifikatlar təqdim olunub
Füzuli, 21 yanvar, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllü gənclərə sertifikatlar təqdim olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onlara yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Odur ki, Füzuli Rayon İcra Hakimiyyətində dövlət qulluğu sahəsində gənclərin könüllü təcrübə keçmələri təşkil olunub. Könüllülük fəaliyyətinə ali təhsilli, 18-25 yaşarası gənclər 2 ay müddətində qoşulur və öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar və xasiyyətnamə verilir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti yaradır. İndiyədək Füzuli Rayon İcra Hakimiyyətində 9 nəfər könüllü fəaliyyətə cəlb edilərək sertifikat alıb. Hazırda 4 nəfər gənc könüllü fəaliyyət göstərir.
Könüllülərlə keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətindən, bu sahəyə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb, gənclərə uğurlar arzulayıb.
Sonra könüllülərə sertifikatlar təqdim edilib.