CƏMİYYƏT
GƏLƏN İL YANVARIN 1-DƏN BAKIDAKI BÜTÜN AMBULATOR-POLİKLİNİKA MÜƏSSİSƏLƏRİNDƏ ƏHALİYƏ PULSUZ XİDMƏT GÖSTƏRİLƏCƏKDİR
Noyabrın 27-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tibb idarə və müəssisələrində əhaliyə göstərilən pullu xidmətin vəziyyəti və onun təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, kollegiya iclasında Bakı şəhərinin bütün 55 ambulator-poliklinika müəssisəsində pullu tibb xidmətinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda deyilir: “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ölkəmizin Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanına əsasən, əhalinin sosial vəziyyətini nəzərə alaraq 2003-cü il noyabrın 27-də Səhiyyə Nazirliyində keçirilmiş geniş kollegiya iclasında Bakı şəhərindəki bütün 55 ambulator-poliklinika müəssisəsində pullu tibb xidməti 2004-cü il yanvarın 1-dən tamamilə ləğv ediləcəkdir. Respublikanın digər şəhər və rayonlarında qeyd olunan məsələyə 2004-cü ilin birinci rübündə baxılacaqdır”.