İDMAN
GİMNASTLARIMIZ GÜRCÜSTANIN AÇIQ BİRİNCİLİYİNDƏ 6 MEDAL QAZANMIŞLAR
Azərbaycan gimnastları iyulun 2-4-də Tbilisidə keçirilən Gürcüstanın açıq birinciliyində 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışlar. Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeniyetmələrin turnirində çıxış edən 13 yaşlı Zeynəb Cavadlı çoxnövçülükdə 79,77 balla birinci yeri tutmuş, ayrı-ayrı növlərdə - iplə (20,11 bal) və lentlə (19,81 bal) təmrinlərdə isə ikinci yerə çıxmışdır. İki başqa yeniyetmə gimnastımız - Zülfiyyə Əliyeva və Leyla Şamilova da final yarışlarında çıxış etmişlər.
Yaşlı gimnastların mütləq birincilik yarışlarında Vəfa Hüseynovanın 3-cü yeri tutması üçün cüzi miqdarda balı çatmamışdır. Nəticədə Vəfa 91,61 bal ilə 4-cü olmuşdur. lakin topla (23,71 bal) və lentlə (22,78 bal) kompizisiya onun iki dəfə fəxri kürsünün 3-cü pilləsinə qalxmağa imkan vermişdir.
Dina Qorina lentlə uğurla çıxış edərək, 23,11 balla 2-ci yeri tutmuş, çoxnövçülükdə isə 5-ci (91,6 bal) nəticəni göstərmişdir. Daha bir gimnastımız - Alina Tryopina isə şəxsi hesabda 79,73 balla 8-ci olmuşdur.