İQTİSADİYYAT
GÖYÇAYDA PAYIZLIQ TAXIL SƏPİLİR
Göyçay Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda rayonda payızlıq taxıl səpini aparılır. Bu il fərdi və kollektiv təsərrüfatlarda 16 min 500 hektar sahədə taxıl səpiləcəkdir. Artıq 500 hektardan çox sahədə səpin aparılmışdır.
Rayonda bir neçə özəl taxıl toxumçuluğu təsərrüfatının yaradılması və onların yüksək məhsuldar buğda sortları, mineral gübrə və bitki mühafizə vasitələri, texnika ilə təmin olunması nəzərdə tutulur. Bu məqsədlə rayonun Mırtı kəndində “Aqrotexservis” müəssisəsi yaradılmışdır. Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübə təsərrüfatından müəssisəyə 40 ton toxumluq taxıl, 70 ton mineral gübrə gətirilmişdir. Toxum ehtiyatının artırılması üçün bu il 200 hektar sahədə səpin aparılmışdır. Əldə olunacaq toxumluq məhsulun köməyi ilə gələn il 3 min hektar sahədə səpin aparmaq mümkün olacaqdır.
Hazırda rayonda əsasən “Qılçıqsız-1”, “Bərəkətli”, “Əzəmətli-95” buğda sortları becərilir.