İDMAN
GÜRCÜSTAN ŞAHMAT FEDERASİYASI VƏ QROSSMEYSTER COBAVA AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASINDAN ÜZR İSTƏMİŞLƏR
Azərbaycan Şahmat Federasiyası (AŞF) bununla əlaqədar FİDE-yə etiraz məktubu göndərdikdən və Federasiyanın Prezidenti, Milli Məclisin deputatı, beynəlxalq qrossmeyster Aynur Sofiyevanın FİDE-nin prezidenti K.İlyumjinovla telefon danışığından sonra FİDE-nin prezidenti ermənilərə turnirin FİDE tərəfindən tanınmayacağını bildirmiş və yarışın dayandırılmasını təklif etmişdir.
Lakin Ermənistan Şahmat Federasiyası riyakarlıqla guya Fax-ın işləməməsini və elektron poçtunun isə yarış başlandıqdan sonra açıldığını bəhanə gətirmiş, turnirin isə ümumiyyətlə, bu federasiya tərəfindən təşkil olunmadığını bildirmişdir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, ilkin siyahıda turnirin iştirakçıları arasında Gürcüstan qrossmeysteri B.Cobava da var idi. Lakin AŞF-nin Gürcüstan Şahmat Federasiyasına (GŞF) göndərdiyi etiraz məktubundan sonra GŞF B.Cobavanın turnirdə iştirakını qadağan etmişdir. Bununla belə, o, Xankəndiyə getmişdi. GŞF onun bu hərəkətini pisləyərək, şahmatçını 2 illik şərti cəzalandırmış, həm də 6 aylıq dövlət təqaüdündən məhrum etmişdir. Bundan əlavə, GŞF Azərbaycan Şahmat Federasiyasından üzr istəmişdir. Qrossmeyster B.Cobava isə AŞF-yə göndərdiyi məktubunda onun gənc və siyasətdən uzaq olduğunun nəzərə alınmasını xahiş etmiş və səhvini başa düşdüyünü bildirərək üzr istəmişdir.
Xatırladaq ki, Xankəndidə keçirilən turnirlə bağlı ermənilərin bir cəhdi də boşa çıxmışdır. Dünyada şahmat sahəsində ən məşhur İnternet saytlarından biri olan London Chesscenter saytı ermənilərin təklifi ilə Xankəndidəki turnirin ilk oyunları şərh edirdi. Lakin AZƏRTAC-ın İnternet saytında ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpağında turnir keçirilməsinin qeyri-qanuni olması barədə məlumat verildikdən sonra ingilislər saytda “Qarabağ” (AZE) sözləri yazaraq, turnirin FİDE tərəfindən tanınmayacağını bildirmiş və turnir barədə məlumatı dayandırmışlar.