CƏMİYYƏT
Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” şüarı altında tədbir keçiriləcək
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 25-də “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” şüarı altında seminar keçirəcək.
Təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarın məqsədi əhalinin Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir. Tədbirdə əhali məlumatlandırılmaqla yanaşı, QİÇS müayinəsindən də keçiriləcək.
Tədbirin iştirakçıları arasında fikir mübadiləsi aparılacaq, insanları maraqlandıran suallar cavablandırılacaq. İnsanların sağlamlığı təkcə tibbi deyil, həmçinin sosial, iqtisadi və ictimai problemdir. Ona görə də belə maarifləndirmə tədbirlərinin təşkili olduqca vacibdir.
QİÇS - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanıb müayinə olunmazsa, ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınaqdan çəkinərək, ya da maddi imkansızlığını əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır.