ELM VƏ TƏHSİL
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində dual təhsil proqramı davam edir
Bakı, 11 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) birgə təşəbbüsü ilə peşə təhsili məzmununun əmək bazarının tələblərinə uzlaşdırılmasına dəstək məqsədilə icra olunan “Dual təhsil/iş yerində öyrənmə” proqramı davam edir. Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində tətbiq edilən dual təhsil proqramı tələbələrin real iş mühitində öyrənməsi, bilavasitə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və müasirləşdirilməsi məqsədilə icra olunur.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda layihənin dəstəyilə turizm, mebel, tekstil və xidmət sahələri üzrə Şəki, Lənkəran, Cəlilabad və Bakı şəhərlərində aparıcı işəgötürən müəssisələr ilə əməkdaşlıq qurulub və fəaliyyətə başlanılıb. Mehmanxana inzibatçısı ixtisası üzrə Şəki Dövlət Peşə Təhsili Mərkəzi ilə “Marxal Resort & Spa” və “Sheki Palace Hotel” mehmanxanaları, mebel ustası, dülgər, üzlükçü dizayner və tikiş avadanlıqlarının operatoru ixtisasları üzrə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi ilə “Woodpecker” mebel fabriki arasında, təmirçi-çilingər ixtisası üzrə isə Lənkəran Peşə Liseyi ilə “Lənkəran Avtoservis” şirkəti arasında dual proqramın icrası üçün razılaşmalar əldə edilib. Hazırda tələbələr həmin müəssisələrdə praktiki təlimlərdə iştirak edirlər. Həmçinin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri aşpaz ixtisası üzrə “Saffron” restoranlar qrupunun “Amburan” istirahət mərkəzində, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə “ARAZ” supermarketləri şəbəkəsində, tikiş operatoru, tikişçi ixtisası üzrə təhsil alan tələbələri isə “Barama Tekstil” MMC şirkətində dual proqrama qoşulublar.
Dual təhsil proqramında ənənəvi peşə təhsilindən fərqli olaraq, tələbələr əldə etdikləri nəzəri biliklərin paralel olaraq təhsil ili boyunca sahələrinə uyğun müəssisələrdə real iş şəraitində praktiki qaydada tətbiq edə və öyrənə bilirlər. Bu, eyni zamanda, təhsil müəssisələrinə bazarın tələblərindən birbaşa xəbərdar olmaq və müvafiq qaydada təhsil məzmununu dəyişmək imkanı verir. Dual təhsil yanaşmasının icrası üçün layihənin fəaliyyət göstərdiyi peşə təhsili müəssisələri ilə bir sıra işəgötürən qurumlar arasında razılaşmalar əldə edilib. Qarşılıqlı fəaliyyət razılaşmasına əsasən, proqram müddətində tələbələr həmin müəssisələrin xüsusi geyimləri, nəqliyyat, sığorta və qida ilə təmin edilirlər. Layihə tərəfindən “dual təhsil/iş yerində öyrənmə” proqramı çərçivəsində gender bərabərliyi qorunmaqla 130 tələbə layihənin əhatə etdiyi regionlarda prosesə cəlb edilib. Proqramın sonunda müvafiq olaraq, 4 kurikulumun və tədris materiallarının yenilənməsi planlaşdırılır. Gələcəkdə isə bu yanaşmanın daha geniş tətbiqi üçün sözügedən proqramın təfərrüatlarını özündə əks etdirən baza konsepsiyanın yazılması nəzərdə tutulur.