CƏMİYYƏT
Gələcəkdə il ərzində 1500 hektara qədər ərazidə əkin və səpin işlərinin aparılması planlaşdırılır
Bakı, 26 noyabr, AZƏRTAC
Son beş ilin təhlilini versək, təxminən 10 min hektardan çox dövriyyədə olan əkin sahələri var. Cari ildə 1370 hektar ərazidə əkin işləri aparılır. Həmin ərazilərə 1.6 milyon ting əkilməsi, 50 tondan çox toxum səpilməsi nəzərdə tutulub. Son 4-5 ildə bu işlər qəbul olunmuş proqram əsasında həyata keçirilir. Növbəti illərdə hər il 1500 hektara qədər ərazidə əkin və səpin işlərinin aparılmasını planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.
Bu il də müəyyən meşə ərazilərində yanğınlar baş verdiyini bildirən xidmət rəisi həmin ərazilərin bərpasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib: “IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Yanğından yaşıllığa” layihəsi çərçivəsində yanğına məruz qalmış ərazilər təmizlənərək əkinə hazır vəziyyətə gətirilir. Sonra həmin ərazilərə toxumlar səpilir, tinglər əkilir. Həmin prosesə Quba və Şabranda başlanılıb və 15 hektara qədər ərazidə əkin, səpin işləri aparılıb. Proses davam edir. Eyni zamanda, mövcud meşələrdə meşəbərpa tədbirlərinə də diqqət ayırırıq. Həmin məqsədlə ildə 8-10 min hektara qədər ərazidə təbii bərpaya kömək tədbirləri həyata keçirilir”.