REGİONLAR
“Gəlsəm sənin oğlunam, gəlməsəm Vətənin...” - şəhid Rəvan Məmmədov VİDEO
Cəlilabad, 21 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Vətən müharibəsinin 22 yaşlı şəhid qəhrəmanı Rəvan Məmmədovun xatirəsi doğulduğu Cəlilabadın Novruzallı kəndində anılıb.
AZƏRTAC xəbər verir ki, 1998-ci ildə anadan olan Rəvan hələ 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən Aprel döyüşlərində fərqlənmişdi. Amma içində alovlanan intiqam hissi soyumamışdı. Doğma Qarabağın azadlığı uğrunda düşmən üzərinə hücum əmrini hər an gözləyirdi. 2020-ci ilin avqustundan könüllü olaraq hərbi xidmətə qeydiyyata alınan Rəvan, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında döyüş əmri alan əsgərlərlə bir sırada dayanır.
Şəhidin atası İntiqam Məmmədov oğlu ilə fəxr etdiyini söyləyir: “Müharibə başlayanda çox sevinirdi. Sanki arzusuna çatmışdı. Cəsur döyüşçü kimi vuruşdu. Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanbəyli kəndinin azad olunması zamanı komandiri ilə birgə qəhrəmancasına şəhid oldu”.
Rəvan ailəsi ilə sonuncu dəfə oktyabrın 3-də danışıb. “Həmin günü heç vaxt dilinə gətirmədiyi arzularını danışdı mənə. Deyirdi ana, sən məni 15 gün gözlə. Gəlsəm sənin oğlunam, gəlməsəm Vətənin. Mən sənin fəxrinəm, Vətənin fəxriyəm. Bu torpağı biz azad etməliyik. Nə qədər acı olsa da, indi fəxr edirəm oğlumla. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analarına səbir versin”, - deyə şəhidin anası Samirə Məmmədova bildirir.
Rəvanın təhsil aldığı Boyxanlı kənd orta məktəbindəki sinif otağı indi onun adını daşıyır. Kabinetdə şəhidin xatirəsinə yaradılan vətənpərvərlik guşəsi gənc nəslin milli ruhda böyüməsinə müsbət təsir göstərir.
Boyxanlı kənd tam orta məktəbinin direktoru Zəfər İsmayılov deyir ki, sinfin qarşısında Rəvanın lövhəsi asılıb. “Burada keçirilən dərslərdə onun qəhrəmanlığından danışılır, Vətən müharibəsində göstərdiyi şücaətlər dilə gətirilir. Biz qürur duyuruq ki, vətənpərvər şagird yetişdirmişik”, - deyə məktəbin direktoru əlavə edir.
Oktyabrın 19-da doğulduğu kənd qəbiristanlığında dəfn edilən 22 yaşlı şəhid Rəvan Məmmədov ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.