MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib ki, tamaşada Xalq Artisti Naibə Allahverdiyeva, Əməkdar Artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.
Məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. Sənət ocağının təqdim etdiyi tamaşada həm komik, həm də dramatik məqamlara yetərincə yer verilib.
Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlardan xəbərdar olmaq istəyən hər kəs iyulun 8-də premyerada iştirak edə bilər.