REGİONLAR


Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Naxçıvan, 9 fevral, AZƏRTAC

Muxtariyyətinin 95-ci ilini qeyd edən Naxçıvan güclü müdafiə qüdrətinə malikdir. Muxtariyyət günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimlərinin bayram əhvalında keçməsi bunu bir daha təsdiq edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc əsgərlərinin də iştirak etdiyi andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvan vaxtı ilə Azərbaycanın mərkəzi ərazilərindən olub və XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyətinin qorunmasını itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edərək “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” deyib.

Vurğulanıb ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ildönümündə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə, 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.