İDMAN
Gənc şahmatçılarımızın titullu idmançılarla inamla mübarizə aparmalarını görmək qürurvericidir
Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorial turnir ənənəvi olaraq hər il keçirilir. Bu yarışlarda artıq bir neçə ildir iştirak edirəm. Fuad Cəfərov hamımızın müəllimi olub. Belə turnirlə onun xatirəsinin yad edilməsi məni çox sevindirir. Onun təşkil etdiyi yarışlarda təcrübə yığıb ustalığımızı artırmışıq. Zuğulba, Bilgəh turnirlərində və “Tempo” yarışlarında mütəmadi olaraq iştirak edirdik. Vaxtilə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov da bu turnirlərdə oynayıblar.
Bu sözləri Fuad Cəfərov memorialının iştirakçısı, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev AZƏRTAC-a müsahibəsində bildirib. O qeyd edib ki, 200-ə yaxın şahmatçının qatıldığı memorial gənc şahmatçılar üçün böyük əhəmiyyət daşıyır. Onlar həm reytinqlərini artırır, həm də müxtəlif normaları yerinə yetirirlər. Gənc şahmatçılarımızın daha titullu zəka sahibləri ilə inamla mübarizə aparmalarını görmək qürurvericidir.