REGİONLAR
Gəncə Dövlət Universitetinin Təcrübə və Karyera Mərkəzi açılıb
Gəncə, 19 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetinin tədris baza müəssisəsi olan Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə Təcrübə və Karyera Mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində universitetin professor-müəllim heyəti və məktəbin kollektivi iştirak edib.
Tədbiri açan Milli Məclisin deputatı, universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, yeni yaradılan Təcrübə və Karyera Mərkəzi universitet-məktəb münasibətlərinin daha da inkişafına xidmət edəcək. Həmçinin yeni mərkəz 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin ixtisas seçiminə və onların Gəncə Dövlət Universiteti (GDU) haqqında ətraflı məlumat almasına şərait yaradacaq.
Son illərdə GDU-nun dünyanın nüfuzlu universitetləri ilə qurduğu səmərəli əməkdaşlığın nəticələrindən danışan Pərvin Kərimzadə deyib ki, indi universitetin tələbəsi olan hər bir gənc müxtəlif beynəlxalq tədris proqramları vasitəsilə həm də Fransa, Finlandiya, Avstriya və Polşada təhsilini davam etdirmək imkanı qazanır.
Gəncə Dövlət Universitetinin təcrübə və karyera şöbəsinin müdiri Mahir Məmmədov məlumat verib ki, yeni mərkəz universitet tərəfindən zəruri avadanlıq və inventarlarla təmin edilib. Mərkəz sürətli internet xətti və kompüterlə təchiz olunub. Təcrübə və Karyera Mərkəzində Gəncə Dövlət Universitetinin keçdiyi inkişaf yolu, beynəlxalq və ictimai əlaqələri, fakültələri, eləcə də tanınmış məzunları haqqında məlumatları əks etdirən guşələr yaradılıb.
Bildirilib ki, Təcrübə və Karyera Mərkəzi həm məktəbdə pedaqoji təcrübə keçən tələbələr üçün, həm də işaxtaran universitet məzunları üçün koordinasiya mərkəzi olacaq. Burada hər il əmək yarmarkaları və müxtəlif təlimlər təşkil ediləcək. Həmçinin universitetin alim və müəllimlərinin şagirdlər qarşısında açıq dərsləri keçiriləcək.
Məktəbin direktoru Nizami Rzayev çıxışında qeyd edib ki, qərb regionunun ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti ilə əlaqələrin qurulması respublikanın orta məktəbləri içərisində böyük nüfuza malik Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin daha böyük nailiyyətlər qazanmasına şərait yaradacaq.
Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Şahin Xurşudov bildirib ki, bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə məktəbin 500-dən yüksək bal toplayan çox sayda məzunu GDU-nun müvafiq ixtisaslarına qəbul olub. Yüksək bal toplayan məzunlardan 8 nəfəri isə universitetin iqtisadiyyat və idarəetmə fakültəsini seçib.